Şima ispan kəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şima ispan kəndi
Şima Supein Mura (志摩スペイン村?)
Məlumatlar
Parkın tipi əyləncə parkı
Ölkə
Yerləşməsi Şima, Mie prefekturası, Yaponiya Yaponiya
Yaradılıb 22 aprel 1994
Saytı parque-net.com
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şima ispan kəndi (志摩スペイン村, Şima Supein Mura?) və ya Park-İspana (isp. Parque España) – Yaponiyanın Mie prefekturasının Şima şəhərində yerləşən və ispan mədəniyyətinə həsr olunmuş əyləncə parkı.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Şima ispan kəndi 22 aprel 1994-cü ildə açılmışdır. Park 2014-cü ildə 20 illiyini tədbirlərlə qeyd etmiş və burada əsaslı yenidənqurma işləri aparılmışdır.[2]

Görməli yerlər[redaktə | mənbəni redaktə et]

Parkda Altamira mağarasının replikası yerləşir.

Parkda yerləşən attraksionlar və tikililər İspaniya mədəniyyətindən təsirlənərək təşkil olunmuşdur. Parkdakı "Dəmir öküz" adlı "buxar qatarı" attraksionu ispan öküz döyüşlərinə bir göndərmədir. Parkdakı "Puerta del Cambron" teatrı İspaniyanın Toledo şəhərində yerləşən eyniadlı tikili əsasında dizayn edilmişdir. Bu teatrda "İspaniyanın usta rəssamları" kimi ispan mədəniyyəti mövzusunda olan videolar nümayiş etdirilir. "Pireney" amerikan təpələri attraksionu Pireney dağlarından ilhamlanaraq dizayn olunmuşdur. "Böyük Monserrant" attraksionu İspaniyanın Barselona şəhəri yaxınlığında yerləşən Monserrant monastırının dağlıq mənzərəsini əks etdirir və 815 metrlik qatar gəzintisindən ibarətdir. "Qaudi" karuseli ispan memar Antonio Qaudinin memarlıq üslubunda yaradılmışdır.[3]

Xavyer Qəsr Muzeyi İspaniyada yerləşən eyniadlı qəsrin reproduksiyasıdır. Bu qəsr muzeyi Yaponiyaya gəlmiş ilk xristian missioner olan Fransisk Ksaverinin şərəfinə yaradılmışdır. Muzeydə İspaniyanın 12 min illik tarixinə və mədəniyyətinə aid materiallar nümayiş etdirilir.[3]

Səfirlik zalı İspaniyanın Pamplona şəhərində yerləşən bina əsasında dizayn edilmişdir. Parkın tədbirləri bu binada keçirilir. Tədbirlər keçirilməyən vaxtlarda isə istirahət yeri kimi istifadə olunur. Burada İspaniyanın 17 muxtar birliyinə aid bayraqlar, İspaniyanın böyük xəritəsi və ispan festivallarını əks etdirən vitrajlar sərgilənir.[3]

Parkda həmçinin Don Kixota həsr olunmuş, yel dəyirmanı formasında olan attraksion, İspaniyanın pomidor festivalına həsr olunmuş "La Tomatina" adlı karusel və İspaniya vətəndaşı müharibəsi zamanı baş vermiş Alkasar mühasirəsinə həsr olunmuş tikili yerləşir. Parkın "Santa Mariya" adlı pirat gəmisi attraksionu Xristofor Kolumbun ekspedisiyasına daxil olan eyniadlı gəmi əsasında dizayn olunmuşdur.[3]

Tədbirlər və mətbəx[redaktə | mənbəni redaktə et]

Parkda ispan mədəniyyətinə aid festivallar və paradlar baş tutur. Burada flamenko performansları keçirilir. "İzabellanın işığı" şousu İspaniyanın ilk kraliçası I İzabellaya həsr olunmuşdur.[4]

Parkda "Alhambra", "Comedor", "Amigo", "El Patio", "Hermanos" adlı restoranlar yerləşir. Bu restoranlarda ispan mətbəxinə aid xörəklər servis edilir. Bundan əlavə, burada "Torero" adlı ispan barı fəaliyyət göstərir.[5]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Shima Spain Village". Atlas Obscura (ingiliscə). 23 noyabr 2023. 26 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2023.
  2. "Join in the fiesta as Shima Spain Village celebrates 20 years". The Japan Times (ingiliscə). 20 mart 2014. 27 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2023.
  3. 1 2 3 4 "Attractions". Rəsmi saytı (ingiliscə). 26 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2023.
  4. "Entertainment". Rəsmi saytı (ingiliscə). 27 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2023.
  5. "Restaurants". Rəsmi saytı (ingiliscə). 27 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]