Böyük Konpira teatrı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Konpira teatrı
Xəritə
Ümumi məlumatlar
Növü teatr[d]
Ölkə
Koordinatlar 34°11′04″ şm. e. 133°49′04″ ş. u.
Veb-sayt
konpirakabuki.jp/index.h…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Konpira teatrı (金毘羅大芝居, Konpira Oşobay?) və ya digər adı ilə Kanamaru teatrı (金丸座?)Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsində yerləşən kabuki teatrı. 1835-ci ildə tikilmişdir və Yaponiyadakı ən qədim kabuki teatrıdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Edo və Meyci dövrləri[redaktə | mənbəni redaktə et]

Teatrın yerləşdiyi ərazi XIX əsrin əvvəllərində no aktyorları tərəfindən, eləcə də, kabuki aktyorları tərəfindən müvəqqəti teatr məkanı kimi istifadə olunurdu. Burada tomiquşi adlı lotereya növü keçirilirdi.[1]

Teatr öz adını yaxınlıqda yerləşən və hinduizm/buddizm ilahı olan Kumphiraya həsr olunmuş Konpira məbədinin adından götürmüşdür. Konpira teatrı ərazini idarə edən Takamatsu klanına xidmət göstərən məbəd rəsmilərindən icazə almış yerli xalçaçı tərəfindən 1835-ci ildə[a] tikdirilmişdir. O, teatrın dizaynı üçün Osakada yerləşən üç əsas teatrından biri olan Naniva teatrına əsaslanmış, Osakaya səyahət edərək həmin teatrın planını əldə etmişdir. Teatrın tikintisi 1000 ryoya başa gəlmişdir. Layihənin ərsəyə gəlməsi üçün lazım olan məbləği yerli geyşalar toplamışdırlar. Onlar müştərilərdən daha tez pul toplamaq üçün işlətdikləri buxur çubuqlarını qısaltmışdılar. Belə ki, geyşaların müştərilərlə keçirdikləri vaxt yandırdıqları buxur çubuqları ilə ölçülürdü.[1]

Teatr Meyci dövrünə qədər yerli Kanemitsu məbədinin nəzarətində olmuşdur. 1877-ci ildə teatr Kyoho adlı bir şəxsin nəzarətinə keçmişdir. "İppo qumi" adlı yerli qruplaşmanın üzvü olan Kyoho qəsəbənin yanğınsöndürən briqadasının qurucusu olmuşdur. O, teatrın sahibi olduqdan sonra qarşısında yanğın siqnalı quraşdırmış və yanğından mühafizə etməsi üçün haori geyinən adamlar qoymuşdur. O, həmçinin teatrın adını İnari teatrı olaraq dəyişdirmişdir. 1897-ci ildə teatr Kavazoe Sadaci tərəfindən satın alındıqdan sonra adı Çitose teatrı (azərb. Min illik teatr) olmuşdur. O, məbədin ön fasadını Osakada yerləşən Kado teatrına oxşatmaq üçün dəyişdirmişdir. Teatrdan çox gəlir əldə edə bilmədiyi üçün onu 1900-cü ildə 4.500 yen qarşılığında Kanamaru Qenciroya satmışdır. Teatrın adı onun şərəfinə indiki adını – Kanamaru adını almışdır.[1]

Müasir dövr[redaktə | mənbəni redaktə et]

Teatrın eksteryeri.

Teatr uzun müddət istifadəsiz vəziyyətdə qalmışdır. Teatr 1953-cü ildə Kaqava prefekturası tərəfindən prefektural əhəmiyyətli mədəni mülk, 1970-ci ildə isə milli əhəmiyyətli mədəni mülk statusu almışdır. Teatrı bərpa etmək üçün 1972-ci ildə kampaniya başladılmış və dörd il ərzində 2 milyon dollar məbləğində vəsait toplanmışdır. 1976-cı ilin aprelində teatrın Edo dövründəki görkəmi bərpa olunmuşdur.[1]

1985-ci ildən etibarən hər il teatrda kabuki tamaşaları keçirilir. Hadisələri 1790-cı illərdə cərəyan edən "Şaraku" filminin bir çox səhnəsi bu teatrda çəkilmişdir.[1]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Teatr binasının ön fasadı 24,4 metr (13 ken, 2 şaku) ölçüsündədir. Damın qıraqlarından asılmış şaquli lövhələrdə teatrda son olaraq çıxış etmiş aktyorların adları qeyd olunur. Teatrın üç girişi mövcuddur. Sağ və sol girişlər normal ölçüdədir, orta giriş isə dardır və "siçan girişi" adlanır. Biletsiz içəri keçmək istəyənlərin qabağını almaq məqsədi daşıyan bu girişdən yalnızca çömələrək keçmək mümkündür.[1]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Bəzi mənbələrdə 1836-cı ildə tikildiyi qeyd olunur. 1835-ci ilin tikintinin başladığı, 1836-cı ilin isə tikintinin tamamlandığı il olduğu güman olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Leiter, Samuel L. "The Kanamaru-za: Japan's Oldest Kabuki Theatre". Asian Theatre Journal (ingiliscə). University of Hawai'i Press. 14 (1). 1997: 56–92. doi:10.2307/1124085. 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.