Elina Hacıyevanın ölümü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elina Hacıyevanın ölümü
Elina Hacıyeva
Elina Hacıyeva
Tarix 4 aprel 2019
Saat 09:11
Yeri 162 nömrəli tam orta məktəb, Bakı, Azərbaycan
Səbəbi zorbalıq
Nəticəsi hündürlükdən atlayaraq intihar
Dəfn yeri II Zabrat qəbiristanlığı, Zabrat, Sabunçu rayonu, Bakı, Azərbaycan

8-ci sinif şagirdi, 14 yaşlı Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-ü səhər saat 10-a 11 dəqiqə işləmiş özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar etdi. O, təhsil aldığı məktəblərdə davamlı zorbalığa məruz qalmış və bu səbəbdən dəfələrlə məktəb dəyişdirmişdir. Bu onun 2-ci intihar cəhdi olub.

O, özünü atdıqdan sonra müxtəlif ağır bədən xəsarətləri almış və şüuru qapalı vəziyyətdə sorğuya çəkilmişdir. Elina komaya girmiş və 2 gün sonra xəstəxanada ölmüşdür. Onun intiharı cəmiyyətdə rezonans doğurmuşdur. II Zabrat qəbiristanlığında dəfn edilib.

Bu hadisə 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsi olub.

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Elina 2004-cü ilin iyununda doğulub. O, Yasamal rayonunda yerləşən Xruşşovka yaşayış massivinin 5-ci mərtəbəsində ailəsi ilə kirayə qaldığı evdə yaşayırdı.[1] Onun atası və anası Elina 6 aylıq ikən boşanıb. Anası Sevil Hacıyeva ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən də iki övladı olub.[1]

Elinanın 15 yaşının tamam olmasına iki ay qalmışdı.[1]

Zəmin[redaktə | mənbəni redaktə et]

O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib.[1] 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar.[1] 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb.[1] Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.[1] O, 5-ci sinifə evin yaxınlığındakı Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə başlayıb.[1]

Elinanın xalası qızı Diana Hacıyevanın sözlərinə görə, Elina "Cənubi Koreya qızlarına bənzəyirdi, saçlarını sevirdi, onları tez-tez boyamağı, fərqli görünməyi xoşlayırdı, özünə vurğun, diqqət tələb edən, dəli-dolu, yetkinlik dövrünü maraqlı yaşamaq istəyən bir qız idi".[1] O, bir gün model və dizayner olmaq arzusu ilə yaşayırdı.[1]

İntihar hadisəsi[redaktə | mənbəni redaktə et]

Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. O, intihardan öncə 30 ketotifen qəbul edib. İntihar hadisəsi zamanı Elina çoxsaylı ağır xəsarətlər alıb: Onun çanaq sümüyü sınmış, döş qəfəsi əzilmiş və ağ ciyərləri zədələnmişdir.[2] Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olub.[3]

Təcili tibb maşını intihar hadisəsindən 2 saat sonra çağırılıb.[4] Bəzi şahidlərin sözlərinə görə, təcili tibb maşını öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Xalidə Bayramova Elina Hacıyevanı danışdıraraq dediklərini görüntüləməyə çalışıb.[3]

Şahidlərin sözlərinə görə, məqsəd Elina Hacıyevanın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub.[3] Daha sonra məktəbin direktoru hadisənin səbəbkarı kimi Elinanın ailəsini göstərərək, Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu və ailənin uşaqla maraqlanmadığını bildiriblər.[5]

Saat 11:04-də Elina Hacıyeva ilə bağlı xəstəxanaya çağırış daxil olub, həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə Elina 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.[6] Saat 12:00-da hadisə haqqında anası Sevil Hacıyevaya məlumat verilib və ona qızının xəstəxanaya aparıldığı bildirilib.[2]

İntiharın səbəbləri[redaktə | mənbəni redaktə et]

İntiharın əsas səbəbləri kimi Elinanın məktəbdə məruz qaldığı qısnama və özünə inamının az olması göstərilir. Elina 2018-ci ildə evinin yaxınlığında yerləşən 162 saylı məktəbə keçəndən sonra məktəblilər onu ələ salmağa və aşağılayıcı adlar verməyə başlayıblar.[1] Elina özünü müdafiə edə bilmədiyindən, hadisələr onun içinə qapanmışdı. Biologiya müəllimi Leyla Mixaylovanın onunla kobud davranması, sinif rəhbərinin ona təzyiqlər etməsi, 10–11-ci sinif oğlanlarının onu təpikləməsi barədə məlumatlar da mövcuddur.[2]

Hadisə barədə Elina anasına müraciət edib. Onun anası Sevil Hacıyeva isə məktəbin direktoruna müraciət edib. Lakin direktor işlə bağlı heç bir tədbir görməyib. Elina intihardan iki həftə öncə dərslərini buraxmağa başlayıb. Anası onu digər məktəbə köçürməyə çalışsa da, Elinanı qəbul etməyiblər.[2]

Ölümü[redaktə | mənbəni redaktə et]

İntihardan sonra Elina Hacıyeva komaya düşərək, 2 gün sonra xəstəxanada ölüb.[4][7] II Zabrat qəbiristanlığında dəfn edilib.[1]

Cinayət işi[redaktə | mənbəni redaktə et]

Hadisə ilə bağlı Səbail rayonu prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılmışdır.[5][8] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmin vaxtkı sədri Hicran Hüseynova məsələnin ilk gündən prezident İlham Əliyevbirinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu deyib.[9]

Təhsil Nazirliyi hadisə ilə bağlı olaraq məktəb direktoru Sevinc Abbasovanın, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmovanın və məktəb psixoloqu Könül Ağayevanın laqeydlik səbəbilə işdən çıxarıldığını bildirib.[10][11] Hadisə ilə bağlı işdən çıxarılan 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.[12]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Hadisə Azərbaycanda rezonansa və şoka səbəb olub.[13] Sosial şəbəkələrdə istifadəçiləri Elina Hacıyevanın ölümü bağlı məsələnin aydınlaşdırılmasını tələb ediblər və tələblərini #ElinaÜçünSusma heşteqi ilə bildiriblər. Kampaniyanı İnstagram hesabında müğənnilər Nigar CamalRöya, aparıcı Nərgiz Cəlilova, Tvitter hesabında isə bloqqer Adnan Hacızadə, və müğənni Murad Arif dəstəkləyib.[4][3][14]

Aprelin 12-də məktəbin qarşısında əsas etibarilə məktəblilərin anaları etiraz aksiyası keçirib. Aprelin 13-də günorta vaxtı təxminən 50 nəfər Bakıdakı 162 saylı məktəbin yaxınlığında "Məktəbdə zorakılığa son!" adlı aksiyaya toplaşsalar da, polislər etiraz aksiyasına mane olublar.[15]

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

2019-cu ilin iyun ayında Azərbaycan repçisi Aslixan "Elina" adlı mahnısını Elina Hacıyevanın xatirəsinə həsr edib.[16]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Elina ölməmişdən əvvəl yazmışdı ki, mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin". www.meydan.tv. www.meydan.tv. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2019.
  2. 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; oxu adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 3 4 "Elina Hacıyevanı şok vəziyyətində danışdıran qadın kimdir?". www.meydan.tv. www.meydan.tv. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  4. 1 2 3 "Azerbaijani girl's death by suicide shocks nation". Eurasianet (ingiliscə). 12 aprel 2019. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  5. 1 2 "Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı". Sputnik (az.). 10 aprel 2019. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  6. "İki nazirlik Elina Hacıyeva olayı ilə bağlı ilə rəsmi məlumat yaydı". Sputnik (az.). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  7. "Bakıda şagird məktəbin üçüncü mərtəbəsindən yerə düşdü – İntihar edib?". Oxu (az.). 4 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  8. "Nazir Elina intihar edən gün baş verənləri açıqladı - Üç nəfər işdən qovulub - VİDEO". 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
  9. "Məktəblinin intiharı məsələsi ilk gündən prezidentin nəzarətindədir – AÇIQLAMA". Oxu (az.). 11 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  10. "İntihar etmiş Elina Hacıyevanın ölümünə görə 3 nəfər işdən çıxarıldı". BBC Azərbaycan (az.). 12 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  11. "Elina Hacıyevanın intiharı ilə bağlı məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
  12. Elina Hacıyevanın ölümü ilə bağlı iş ALİ MƏHKƏMƏDƏ
  13. "Teenager's tragic death at Baku school directs anger towards Azerbaijan's broken system". globalvoices.org. globalvoices.org. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2019.
  14. "Məşhurlar Elina üçün AYAĞA QALXDI: "Ən ağır şəkildə cəzalandırılsın"- VİDEO". publika.az. publika.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2019.
  15. "Baku police prevent rally in memory of deceased schoolgirl". Jam-News (ingiliscə). 13 aprel 2019. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  16. "Elina - Single by Aslixan | Spotify". 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]