Sac

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Sac

Sacçörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası.

Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar.

Azərbaycanda hələ qaz sobasıtava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur.

Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır.

Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir. Oyuq olan tərəfində isə müxtəlif yeməklər bişirilir.

Adətən yemək hazırlamaq üçün sac ya ocağın, ya da ağac kömürünün üzərində qoyulur.

Sac yeməklərinin hazırlanması

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Saciçi

Yemək bişirmək üçün əsasən diametri 33 sm olan saclardan istifadə edilir. Sac içində hazırlanmış yeməklər "Saciçi" adlanır. Ət, toyuq, balıq və bu kimi bütün ərzaq növlərinin sac içində bişirilməsi mümkündür.

Ən qədim sac yeməyi sac qovurmadır. Sac qovurma hazırlamaq üçün ətin ən yaxşı hissəsi və qoyun quyruğu soğanla birlikdə sac içində yağda qovrulur.

Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur. Sac ayağı olmadıqda sacı süfrəyə adi qaydada, altlıq olmadan da qoymaq olar.